İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən aqroparklara mediatur təşkil edilib.
Eləcə də bax: İstifadə olunmayan torpaqları əkib - Hektardan 65 Sentner Taxıl Götürüb - FOTO
FED.az xəbər verir ki, ilk olaraq media mənsubları “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkda görülmüş işlərlə tanış olublar.
Məlumat verilib ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Ərazidə taxıl, şəkər çuğunduru, dən qarğıdalısı və soya əkilib.
İnvestisiya dəyəri 13,4 milyon manat olan aqroparkda daimi olaraq 71, mövsümi 30 nəfər insan işlə təmin edilib. Aqroparkda hazırda taxıl yığımı davam edir.
Sonra KİV nümayəndələri “Şəmkir Aqropark”da olublar. Bildirilib ki, investisiya dəyəri 62 milyon manatdan çox olan aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İntensiv bağçılıq, çeşidləmə, qablaşdırma və logistika sahələri olan aqroparkda meyvə ağacları (gilas, ərik, gavalı, heyva və s.) əkilib. Hazırda aqroparkda meyvə yığımı davam edir.
559 hektar ərazidə yerləşən “Şəmkir Aqropark”da tutumu 24 min ton olan 64 ədəd soyuducu saxlama kamerası quraşdırılıb. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal fəaliyyət göstərir.
Aqroparkda 100 nəfər işlə təmin edilib.