«İşğaldan azad olunmuş ərazilərdə fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir».
Bu torpaqlar hərracsız dövlət mülkiyyətinə verilə biləcək
FED.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu tələb fermeləri torpaqlarını birləşdirməyə və kooperativlər yaratmağa həvəsləndirir:
«Ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur».
M.Məmmədov, buna misal olaraq Zəngilan rayonunun Ağalı kəndini göstərib: «Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb. Digər bütün kəndlərdə də bu istiqamətdə işlər aparılır”, - deyə nazir əlavə edib.














