Son illər Astarada fermerlər və sahibkarlar tərəfindən 200 hektar intensiv subtropik və sitrus meyvə bağı salınıb.
Eləcə də bax: Dünya bazarına yüksək keyfiyyətli gül yağı çıxarılır – Zaqataladan Reportaj
FED.az xəbər verir ki, rayonunun Ərçivan qəsəbəsində “İMANNA” MMC tərəfindən yeni sitrus bağı salınır.
Ümumi sahəsi 40 hektar olan sitrus meyvə bağının salınmasına 2018-ci ildən başlanılıb. Hazırda türkiyəli mütəxəssislərin iştirakı ilə təsərrüfatda 10 hektar sahədə “Miaqava” sortu yapon naringi tinglərin ən yeni üsullarla əkini, müasir suvarma sistemlərinin qurulması davam edir. Miaqava mandarinləri tezyetişən sortlardan sayılır – onlar sentyabrın axırı oktyabrda məhsul verir. Məhsulları böyük olur – 100-130 qram, dərisi də yaxşı soyulur. Xarab olmadan ağacda uzun müddət qala bilər.
Astarada sitrus bağlarının artmasının əsas səbəbi biri fermer və sahibkarlara güzəştli qayda ilə gübrələrin verilməsi və subsidiyaların tətbiq edilməsidir. Təkcə ötən il rayonda fermer və sahibkarlara güzəştli şərtlərlə 350 ton gübrə verilib, 483 min 261 manat subsidiya ödənilib.
Bir qədər əvvəl təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən isə 2021-ci ildə salınacaq yeni intensiv limon bağlarının hər hektarı üçün 11 000 manat, portağal və naringi bağlarına 9000 manat birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulub.