Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mecxanizmi barədə fermerlərin məlumatlanması davam edir.
Badam bağlarına dəymiş zərər üzrə 200 min manat sığorta ödənişi edilib
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondu ölkənin inkişaf etmiş kənd təsərrüfatı rayonlarından olan Qəbələdə fermer və təsərrüfat nümayəndələri ilə “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda görüş keçirib.
Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində keçirilən görüşdə Aqrar Sığorta Fondu və yerli icra hakimiyyətinin nümayəndələri, fermer və təsərrüfat sahibləri iştirak edib.
Görüşdə aqrar sığorta mexanizmi haqqında geniş məlumat verilib, əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatlarının sığorta şərtləri açıqlanıb, Aqrar Sığorta Fondunun (ASF) xidmət və məhsulları təqdim edilib.
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan və 5 il əvvəl fəaliyyətə başlayan Fond hazırda 41 növ bitki məhsullarını, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığorta edir.
Aqrar Sığorta Fondunun sığortaladığı bitkilərə taxıl, digər tarla bitkiləri, meyvə bağları, bostan və tərəvəz bitkiləri, texniui bitkilər və sair aiddir. Fermerlərə dəstək üçün sığorta haqqının yarısını dövlət özü ödəyir.
R.Əmircanov bildirib ki, indiyədək Fond tərəfindən sığorta hadisələrində zərər çəkən fermer və təsərrüfatlara 20 milyon manata yaxın sığorta ödənişi edilib, təkcə bu ilin ilk 10 ayında Aqrar Sığorta Fondunun ödənişləri 5 milyon manata keçib və bu məbləğ hər gün artmaqdadır.
Tədbirdə çıxış edən Qəbələ DAİM-in direktoru Namiq Ağayev rayon ərazisində 19 min hektar sahədə müxtəlif bitkilərin becərildiyini bildirib. Onun sözlərinə görə, Qəbələ bölgəsində xüsusilə geniş əkilən buğda-arpa, qarğıdalı, tütün, alma-armud, qoz-fındıq və sair bitkiləri aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür. DAİM rəhbəri yerli fermerləri dövlətin yaratdığı bu imkandan istifadə etməyə və təsərrüfatlarını sığortalamağa çağırıb, eləcə də aqrar sığorta sahəsində maarifləndirmə işlərinin artırılmasını vacib sayıb.
Tədbirdə çıxış edən Qəbələ Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev mərkəzdə aqrar ixtisaslar üzrə tələbələrin təhsil aldığını, gələcəkdə onların aqrar sığorta sektorunda çalışmaq imkanının olduğunu qeyd edib. Bundan başqa, bildirilib ki, Təhsil Mərkəzinin öz əkinçilik təsərrüfatında bir sıra bitkiçilik məhsulları yetişdirilir və onlardan bəziləri üzrə istehsal prosesi də təşkil edilib.
Görüşdə bildirilib ki, indiyədək Qəbələ rayonunda müxtəlif hadisələrdən zərər çəkən bitkiçilik və heyvandarlıq təsərrüfatlairına 204 min manat sığorta ödənişi edilib, ilin sonunadək daha 16 min manat ödənişin edilməsi gözlənilir.
Fermerlərlə görüşdə Aqrar Sığorta Fondunun Şəki-Zaqatala regionu üzrə regional filialının rəhbəri Togrul Həşimzadə Qəbələ rayonü üzrə sığorta şərtlərini və sığorta haqlarını açıqlayıb.
Bildirilib ki, aqrar sığorta təsərrüfatları təbiət hadisələri, dolu, fırtına, qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, zəhərlənmə, yoluxucu xəstəliklər və sair hallardan sığorta edir.
Təqdimatda bildirilib ki, Qəbələ rayonunda 1000 manatlıq buğda məhsulunun sığotalanması fermerə 20 manata, arpanın sığortası 24 manata, yoncanın sığortası 18 manata başa gəlir. Bundan başqa 1000 manatlıq fındıq və qoz məhsulunun sığortası 20 manata, alma və tütünün sığortası isə 30 manata başa gəlir.
Görüşdə bildirilib ki, aqrar sığortada dövlət dəstəyi sayəsində heyvanları sığortalamaq da olduqca sərfəlidir. Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası illik cəmi 24 manata, qiyməti 300 manat olan qoyun-keçinin sığortası isə cəmi 7 manata başa gəlir.
Tədbirdə fermerlərin təklifləri dinlənilib, sualları ətraflı cavablandırılıb.
Fermerlərə xatırladılıb ki, hazırda taxıl sahələri və meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.










