Bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin satış qiyməti də təsərrüfatçıları qane edir. Şaftalının bir kiloqramı 80 qəpik-1,5 manata satılır.
FED.az xəbər verir ki, xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.
Hazırda Xaçmaz rayonu ərazisində ümumilikdə 2900 hektar şaftalı bağı var. Həmin bağlardan 800 hektara yaxını müasir suvarma sistemi ilə təmin olunan intensiv bağlardır. Hər il bağlardan 7 min tondan çox şaftalı toplanır.
Rayonun Çiləgir kəndindən olan təsərrüfatçı Bilal Yəhyayev bildirir ki, yarım hektar şaftalı bağı var. “Şaftalı bağımızda bir neçə gündür məhsul yığımına başlamışıq. İndi ağ “Fədai” sortunu toplayırıq. Bu şaftalının hər kiloqramını bizdən yerində 1 manata alırlar. Qiymət meyvənin ölçüsündən asılıdır. İri şaftalı daha baha qiymətə alınır. Yığılan məhsullar əsasən yerli və Rusiya bazarlarında satılır. Məhsuldarlıq ötən illə müqayisədə nisbətən aşağı olsa da, ümumilikdə yaxşıdır. Əsas odur ki, alıcı sarıdan narahatlıq yoxdur. Qiymət də yaxşıdır”, - deyə B.Yəhyayev söyləyib.
Xaçmazda yığılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
Rayonda şaftalı yığımı oktyabr ayınadək davam edəcək (Azərtag).