“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının yenilənməsi üçün 2015-ci ildən etibarən xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edib.
FED.az Marjaya istinadən xəbər verir ki,bunu “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov bildirib.
Eləcə də bax:Xaliq Faiqoğlu şirkəti: Avtobusları onlayn rejimdə izləmək - MÜMKÜN OLACAQ
Belə ki, 2015-ci ildən etibarən “Xaliq Faiqoğlu” şirkəti avtobus parkının ən müasir tələblərə cavab verən, “Avro-5” və “Avro-6” standartlarına cavab verən nəqliyyat vasitələri ilə yenilənməsinə baylayıb: "Ötən dövr ərzində şirkətimiz ümumilikdə 117 ədəd müasir tələblərə cavab verən “Isuzu” və “BMC” markalı avtobusun alınması layihələrini uğurla başa çatdırıb. Şirkət avtobus parkının yenilənməsi, müasir istehsalat bazasının yaradılması, müşahidə mərkəzinin qurulması kimi layihələrə son 4 il ərzində 37 milyon manatdan çox investisiya yatırıb. Belə ki, şirkət “Paşa Bank”, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Eximbank Türkiye” kimi nüfuzlu bank və maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir. Ötən dövrdə xarici maliyyə qurumlarından 20 milyon manatadək vəsait cəlb edilib".
Faiq Seyidov qeyd edib ki, “Xaliq Faiqoğlu” gün ərzində orta hesabla 100 mindən çox sərnişinə xidmət göstərir. Ümumilikdə isə “Xaliq Faiqoğlu” şirkəti 700 nəfərədək işçi heyəti ilə bu sahədəki ən böyük özəl daşıyıcıdır.
Şirkətin baş direktoru əlavə edib ki, 2016-cı ilin sentyabrın 1-dən isə şirkətin istismarında olan 200-dək avtobusda elektron (“BakıKart”) ödəniş sisteminin tətbiq edilməsinə başlanılıb və yaxın vaxtlarda 100-dək digər avtobusda da elektron ödəniş qurğularının quraşdırılması planlaşdırılır. "Onu da bildirmək istəyirəm ki, “Xaliq Faiqoğlu” şirkəti iri vergiödəyicisi kimi vergi ödəyiciləri arasında öz yerini tutub".