Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44°-dək artacağı gözlənilir.
FED.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar FHN əhaliyə müraciət edərək yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alıb yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Təhlükə zamanı 112-yə zəng edin.