2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirləri kəskin azalıb, şirkət ilk dəfə olaraq zərərlə işləməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı rəqəmlərdə bildirilir.
Hesabata görə, 2020-ci ilin ilk yarısında şirkətin gəlirləri cəmi 25 milyard 921 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 40% və ya 1,6 dəfə azdır. Xatırladaq ki, 2019-un ilk yarısında şirkətin gəlirləri 42 milyard 787 milyon manat idi.
Nəticədə SOCAR ilk dəfə olaraq 2020-ci ilin ilk yarısını 180 milyon manat zərərlə başa vurub.
Halbuki, SOCAR 2019-cu ilin eyni dövründə 376 milyon manat, ümumilikdə 2019-cu ildə isə 650 milyon manat xalis mənfəət əldə etmişdi.
2020-ci ilin ilk yarısının nəticələrinə görə, şirkətin öhdəlikləri demək olar ki dəyişməyib (39,5 milyard manat). Əvəzində şirkətin kapitalında 250 milyon manata yaxın azalma var.
Şirkətin borcları da 2,2 milyard manat artaraq 16,1 milyard manata çatıb.
Ötən ilin ilk yarısında SOCAR-ın zərərlə işləməsi, şübhəsiz ki, dünya bazarında neftin qiymətinin azalması və hamilatın aşağı düşməsi səbəbindən baş verib.
İlin sonuna yaxın neftin qiymətinin bir qədər artması müşahidə olunsa da, hasilatın aşağı səviyyədə qalması səbəbindən şirkətin ili də zərərlə başa vurması ehtimalı böyükdür.
Məsələ bundadır ki, SOCAR 2019-cu ilin ilk yarısını 376 milyard, ikinci yarısını isə 274 milyard mənfəətlə başa vurub. 2020-ci ilin ikinci yarısındakı qiymətləri və hasilat səviyyəsini nəzərə alanda belə böyük mənfəət göstəricisini təkrarlamaq asan olmayacaq.