Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
FED.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.
Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistanın və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
"Rusiya Federasiyasının müdafiə naziri hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması və vəziyyəti nizamlamaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib", - deyə məlumatda qeyd olunub.