Azərobaycan meyvə tərəvəzinin ən böyük bazarı sayılan Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub.
FED.az xəbər verir ki, qadağa barədə Rusiyanın kənd təsərrüfatı nəzarəti orqanı «Rosselxoznadzor» məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 10-dan qüvvəyə minəcək qadağanın səbəbi sözügedən məhsullarda zərərli orqanizmlərin tapılmasıdır.
Qurumun yaydığı açıqlamada bildirilir ki, indiyədk Azərbaycandan gətirilən məhsullarda çoxsaylı hallarda zərərli orqanizmlər tapılıb və qurum bununla bağlı Azərbaycanın Qida Təhlükəsizliyi qurumlarını xəbərdar edib. Təkcə oktyabrın 22-də qurumun mütəxəssisləri 17 dəfə zərərli orqanizmlər aşkar ediblər. «Bununla əlaqədar olaraq fitosanitar təhlükəsizliyini təmin etmək, Rusiya ərazisinə zərərvericilərin daxil olmasının qarşısını almaq üçün Rosselxoznadzor dekabrın 10-dan etibarən Azərbaycan pomidoru və almalarının ölkəyə gətirilməsinə qadağa qoymağa məcburdur»-deyə açıqlamada deyilir.
Qeyd edək ki, Azerbaycan Rusiyaya bitki məhsullarının ən böyük ixracçılarından biridir. Rusiya tərəfinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə 172,4 min ton tomat ixrac edilib. Bu bütün idxalın 31%-ni təşkil edir və idxalda birinci yeri tutur.