"Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır".
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşdə bildirib.
Prezident deyib ki, "ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. Onların güzəranları da bizim idarəçiliyimiz altında yaxşı olacaq".
"Biz müharibədən sonra ermənilərin əvvəl yaşadıqları kəndlərin vəziyyətini görürük. Orada səfalət hökm sürüb. İnsanlar oralarda inanılmaz şəraitdə yaşayıblar. Bəs bu işğalın məqsədi nə idi? Nə üçün ermənilər öz xalqının nümayəndələrini uzun illər ərzində orada qul kimi saxlayırdılar? Bilmirəm, görmüsünüz yoxsa yox, müharibənin ilk günlərində Azərbaycan Ordusu Ermənistan ordusunun səngərlərinə daxil olanda, orada məhv edilmiş işğalçıların bəzilərinin bir-birinə zəncirləndiyinin şahidi oldu. Bu, şokedici videolar idi. Yəni, onlar insanları səngərdə durmağa məcbur edirdilər. Qaçmaq, mövqelərini tərk etmək istəyənlərin qarşısı belə alınırdı"-deyə İlham Əliyev həmsədrlərə bildirib.