Azərbaycanın səhiyyə və tibb xidmətlər sahəsində hansı qurumun hansı fəaliyyətlə məşğul olması ilə bağlı açıqlama verilib.
FED.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Xatırladaq ki, dünən mayın 13-də prezident İlham Əliyev səhiyyə sahəsində bəzi dəyişikliklər barədə fərman imzalayıb. Fərmana əsasən bir sıra tibbi qurumlar TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinə qaytarılıb.
Birgə məlumatda bildirilir ki, prezidentin fərmanına əsasən Səhiyyə Nazirliyinə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılıb. Bu qrupa səhiyyə sisteminin iştirakçılarıvə aidiyyəti dövlət qurumları cəlb olunacaq. Səhiyyənin Transformasiyası Mərkəzinin əsas işi səhiyyə sisteminin əsas iştirakçılarının (yəni Səhiyyə nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB-in) əlaqəli fəaliyyətini təmin etmək məqsədilə qanunvericiliyi və idarəetmə modelləri ilə bağlı yeni təkliflər hazırlamaqdır. Bu təkliflər İşçi qrupun üzvləri ilə razılaşdırılıb təqdim olunacaq.
3 qurumun birgə açıqlamasında deyilir ki, prezidentin fərmanı ilə elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib: «Elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir».
Bundan başqa, Səhiyyə Nazirliyində əlavə insan resurslarına ehtiyac yaranıb. Bununla bağlı nazirliyin aparatının ştat vahidlərinin sayı 130-a çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir.
“Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir.