Dünyanın xammal bazarında yeni «partlayış» gözlənilir - bu misə tələbat və onun gözlənilən bahalaşmasıdır.
FED.az xəbər verir ki, «Bank of America»nın hesablamalarına görə, qarşıdakı illərdə misə tələbatın artması və təklifin azalması fonunda dünyada mis qıtlığı yarana bilər. Onun qiyməti isə 2025-ci ildə bir ton üçün 20 min dollara yüksələcək.
Qed edək ki, ötən həftə misin qiyməti rekord vurub və hazırda bir tonunun qiyməti 10 min dollar ətrafındadır.
«Bank of America»nın xammal malları üzrə strateqi Maykl Vidmer bildirib ki, hazırda dünyada misin istehsal ehtiyatları son 15 ildəki səviyyəyə düşüb. Başqa sözlə, hazırda mis ehtiyatları dünyada misə olan tələbatın cəmi 3 həftəlik həcmi qədərdir. Baxmayaraq ki, dünya iqtisadiyyatı pandemiyadan sonra təzəcə özünə gəlir və dirçəliş, yəni misə tələbatın artması hələ qabaqdadır.
«Bununla əlaqədar olaraq biz 2021-2022-ci illərdə bazarda mis qıtlığı və onun bahalaşmasını gözləyirik» - deyə Vidmer bildirib.
Ekspert xəbərdarlıq edib ki, metal bazarında ehtiyatların azalması nəticəsinə qiymətlərin kəskin artması halı ilk dəfə deyil, belə hallar baş verib. Belə ki, 2006-2007-ci illərdə nikel defisiti onun 300% bahalaşması ilə nəticələnmişdi.
Fundamental şərtləri və ehtiyatların azalmasını nəzərə alaraq Vidmer güman edir ki, qarşıdakı illərdə misin qiyməti 13 min dolları keçəcək.
Qeyd edək ki, ötən ilin martın 23-də qiyməti 4600 dollara düşən mis sonradan sürətlə bahalaşaraq 2,3 dəfə artıb və ötən həftə son 10 ildə ilk dəfə olaraq 10 min dollarlıq həddi keçib. Mayın 11-də misin qiyməti 10 500 dollar idi.
Eləcə də bax: Birjalarda qiymətli metallarla necə ticarət etmək olar? Metallara yatırım nə qədər qazanc gətirir? - FED.az-ın - Canlı Yayımı - VİDEO
Ekspertlər bildirir ki, misə tələbatın artması təkcə iqtisadi artımla bağlı deyil. Misə tələbat həm də iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlıdır, buraya elektronmobillər üçün batereyalar və yarımkeçiricilər sahələri aiddir.
ABŞ-ın Livermore Partners hec fondunun sahibi və idarəçisi Devid Noyxauzer bildirir ki, metalların qiyməti dolların zəifləməsi fonunda da yüksəlir.
Belə ki, təkcə bu ilin aprelində xammal materialları 3% bahalaşıb. Son bir ildə isə qiymət artımı 80%-i keçib.
HSBC bankının xammal malları üzrə analitikləri hesab edir ki, misə tələbatın artması elektrikləşməyə yatırılan investisiyaların artması ilə bağlıdır. «Hesab edirəm ki, mis yeni neft sayıla bilər və qarşıdakı 5-10 il ərzində mis sürətlə bahalaşaraq 20 min dollara çatacaq» - deyə Nouxauzer bildirib.