ABŞ-ın Oklahoma ştatı, ştatdakı "opiat" (morfin və heroin) böhranında rolu olduğu səbəbilə iri dərman şirkəti "Johnson & Johnson"a açılan cinayət işində 572 milyon dollar təzminat qazanıb.
Oklahomaya bağlı Klivlend bölgəsinin hakimi, "Johnson & Johnson"a əyalətin ən böyük "opiat" böhranına səbəbkar olduğuna görə cinayət işinin nəticəsini açıqlayıb.
FED.az biznes portalı "Marja"ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə "Johnson & Johnson" ştata 572 milyon dollar təzminat ödəməyə məhkum edilib.
Bu məhkəmə, ABŞ-ın bir çox əyalətinin dərman şirkətlərinə "opiat" böhranı barədə açılmış cinayət işlərindən ilk başa çatandır.
Xaşxaşdan əldə edilən bir dərman qrupu olan "opiat"lar, həm ağrıkəsici, həm də narkotik kimi istifadə edilir.
İddialara görə, şirkətin ağrıkəsən maddələri nəinki ağrını kəsməkdə kömək edib, həm də pasiyentlərin narkotika aludəçisinə çevrilmələrinə səbəb olub.
"Johnson & Johnson" məhkəmənin qərarından şikayət vermək niyyətindədir.
Əsası 1886-ci ildə qoyulmuş "Johnson & Johnson", dərman, kosmetik və sanitariya-gigiyena malları üzrə dünyada ən iri istehsalçılardan biridir. "Janssen" əczaçılıq şirkəti "Johnson & Johnson" (J&J) qrupuna daxildir.
"Johnson & Johnson"un istehsalı olan uşaq "prisıpka"larının xərçəng xəstəliyi yaratdığı iddia olunur. Ötən ilin iyulunda Missuri ştatında məhkəmə "Johnson & Johnson"u bu iddialara görə açılmış cinayət işi üzrə 4,69 mlrd. dollar təzminat ödəməyə məhkum etmişdi.