Bir müddət əvvəl məlumat verildiyi kimi, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən sement zavodlarından birində bədbəxt hadisə baş vermişdi. Zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.
FED.az biznes maliyyə portalı hadisə ilə bağlı "Holcim Azərbaycan" sement zavoduna müvafiq sorğu ünvanlayıb.
"Holcim Azərbaycan" sement zavodunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Rəna Tahirovanın rəsmi sorğumuza cavabında qeyd olunur:
FED.AZ biznes maliyyə portalının 01 may 2025-ci il tarixli sorğusuna cavab olaraq bildiririk ki, Holcim Azərbaycan Garadağ Sement Zavodunun əməkdaşları arasında istehsalatla bağlı hər hansı bir bədbəxt hadisə baş verməmişdir. Sizin qeyd etdiyiniz hadisə zavod ərazisində müstəqil fəaliyyət göstərən “Food Savory Catering” şirkətinə məxsus ərazidə baş vermişdir. Şirkətdən aldığımız məlumata əsasən, onlar hadisə ilə bağlı rəsmi prosedur qaydalarına uyğun şəkildə hərəkət edirlər.
Əlavə olaraq qeyd etmək istərdik ki, Holcim Azərbaycan şirkəti Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydalarına əməl olunmasını özünün əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə həm əməkdaşların maarifləndirilməsi, həm də təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq, Holcim Azərbaycan ardıcıl iki il ərzində Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə global Holcim şirkətlər arasnda Gümüş mükafata layiq görülmüşdür.
Eyni zamanda, 2024-cü ildə Holcim Azərbaycan şirkəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 291 təşkilat arasında “Təhlükəsiz və Sağlam İş Mühiti Yaradan Şirkət” nominasiyası üzrə mükafata layiq görülmüşdür.
Qeyd edək ki, “Food Savory Catering” MMC 500 manat nizamnamə kapitalı ilə 24.08.2022-ci il tarxində dövlət qediyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 7 m.118-dir.
“Food Savory Catering” MMC-nin qanuni təmsilçisi Xəlilov Xəlil Mustafa oğludur.