Qarabğağda yaxın vaxtlarda başlanacaq bərpa və quruculuq işlərində yalnız Azərbaycana dost öolkələrin şirkətlərinin işləməsinə icazə veriləcək.
FED.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Qarabağ müharibəsi və Azərbaycanın qələbəsi barədə danışan prezident bildirib ki, Qarabağda iri bərpa işləri başlayır: «İndi Qarabağda bərpa dövrü başlayıb, geniş miqyaslı quruculuq işləri aparılacaq».
Dövlət başçısı işarə edib ki, bu işlərdə heç də bütün ölkələrin şirkətləri buraxılmayacaq. Burada Azərbaycanın öz şirkətləri ilə yanaşı, yalnız ölkəmizə dost ölkələrin şirkətləri işləyə biləcək: «Əlbəttə ki, bu işlərdə ilk növbədə Azərbaycan şirkətləri iştirak edəcək. Və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz bu işlərə dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Və mən çox istərdim ki, İtaliya şiprkətləri bu işlərdə, yəni bərpa, rekonstruksiya, yenidən qurma işlərində fəal iştirak eləsinlər.
Azərbaycan tərəfi artıq İtaliya tərəfinə bu təklifləri verib, yaxın günlərdə dediyim kimi, bununla bağlı ilkin təmaslar olacaq».
Prezident bildirib ki, Qarabağdakı proseslər, müharibə dövrü Azərbaycanın əsl dostlarının kim olduğunu göstərdi. Azərbaycanlılar isə dostluğu qiymətləndirməyi bacarırlar:
«Bir də deməyliyəm ki, bizə dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcək. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bu dövr göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir. Biz dostluğu qiymətləndirə bilən xalqıq və sizin Azərbaycana səfəriniz göstərir ki, İtaliya Azərbaycanın əsl dostudur».