Xərçəng xəstəliyinin inkişafının qarşısının alınmasında güclü immun sistemi son dərəcə vacibdir. Nizamlı və düzgün yuxu rejimi immunitet sistemini gücləndirir və xərçəngə qarşı mübarizədə əhəmiyyətlidir.
FED.az Anadolu Agentliyinə istinadla bildirir ki, bunu Trakya Universitetinin Tibb fakültəsi Fiziologiya kafedrasının müdiri professor Levent Öztürk deyib.
Onun sözlərinə görə, düzgün yuxu xərçəng riskini azaldır və bu problemdən əziyyət çəkən xəstələrin müalicə prosesinə töhfə verir, “İmmunitet sistemini güclü saxlamaq üçün yuxu rejiminə ciddi nəzarət edilməlidir. Güclü immun sistemi xərçəngin inkişafının qarşısını almaqda son dərəcə vacibdir".
Professor yuxusuzluq problemi yaşayan insanlarda immunitet sisteminin zəiflədiyinə və bunun nəticəsində orqanizmin xərçəng hüceyrələri ilə mübarizədə çətinlik çəkdiyinə diqqət çəkib. “İnsan orqanizmində xərçəngə qarşı təbii öldürücü hüceyrələr var. Yuxusuzluq bu hüceyrələrin fəaliyyətini zəiflədir. Bu da orqanizmdə xərçəng yarada bilər”, - deyib.
Professor eyni zamanda qeyd edib ki, son araşdırmalar düzgün yuxu rejiminə əməl edən fərdlərin həzm sistemi xərçənginə tutulma riskinin az olduğunu aşkar edib.