Dünyanın ən qədim səyahət və turizm konserni “Tomas Kuk”un (Thomas Cook) iflasa uğraması hazırda məzuniyyətdə olan 15 minədək avstriyalının geri dönüşünü çətinləşdirib.
FED.az xəbər verir ki, Böyük Britaniyanın ən böyük turizm konserni “Tomas Kuk”un idarə heyətinin sədri Peter Fankhauser sentyabrın 23-də şirkətin xilası üçün banklarla aparılan kredit danışıqlarının nəticəsiz başa çatdığını və iflasa uğradığını elan edib. İflas qərarının qəbulu ilə şirkətin həyata keçirdiyi bütün uçuşlar ləğv olunub, şirkətə məxsus yüzədək təyyarə nəzərdə tutulan reyslərə buraxılmayıb və hazırda səfərdə olan 600 min nəfərin öz ölkəsinə geri qayıtması çətinləşib.
Eləcə də bax: Tanınmış turizm şirkəti – MÜFLİS OLDU
Avstriya bazarında üçüncü ən böyük turizm şirkəti olan “Tomas Kuk”un iflası avstriyalı turistlərdən də yan keçməyib. Hazırda 15 min avstriyalı turistin vətənlərinə geri gətirilməsində problemlər yaranıb. Böyük Britaniya hökuməti “Matterhorn“ kod adı altında sülh dövründə ən böyük mülki repatriasiya (vətənə qaytarılma) əməliyyatına start verdiyini açıqlayıb və ən qısa zamanda bütün turistlərin mənzil başına çatdırılacağını vəd edib.
“Tomas Kuk” hər il səyahət edən orta hesabla 19 milyon şəxsə xidmət göstərib. Şirkətin iflası ilə dünyanın müxtəlif ölkələrindəki 22 min əməkdaşı öz iş yerini itirə bilər. Brexitin ləngiməsi və turizm sektorunda bir sıra yeniliklər zamanında həyata keçirilməsi turizm nəhəngini ciddi maliyyə böhranı qarşısında qoyub və bu ilin birinci yarısında şirkət təxminən iki milyard avro vəsait itirib.
Azərtac