"2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdur. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Son günlər daxil olan məlumatlara əsasən, cəbhəboyu zonada vəziyyət haqqında bəzi şəxslər, xüsusilə də sosial media və digər rəqəmsal platforma istifadəçiləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti, silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılması halları müşahidə edilir".
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir:
"Əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.
Hazırda ordumuzun uğurlu hərbi əməliyyatlar apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi və ərazilərimizi işğaldan azad etdiyi bir dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq".