Bolqarıstanın aparıcı şirkətləri Azərbaycanda, o cümlədən Ələt Azad İqtisadi Zonasında işləmək istəyirlər.
FED.az xəbər verir ki, bu barədə sentyabrın 30-da prezident İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşdə bildirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasındakı münasibəti nəzərə alaraq qarşılıqlı layihələrdə iştirak etməyin vaxtıdır: «Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır».
«Ümid edirəm ki, bu görüşdən sonra siz bizim şirkətlərlə, ölkəmizlə istər investor kimi, istərsə də müqavilələr vasitəsilə çalışmağa daha həvəsli olacaqsınız»-deyə dövlət başçısı bolqar iş adamlarını bildirib.
Sonra çıxış edən Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edildi. Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirdilər.
Həmçinin Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdilər.
Görüşdə bolqarıstanlı iş adamlarına Azərbaycandakı investisiya imkanları və biznes mühiti barədə də ətraflı məlumat verildi.