Bakıətrafı kənd və qəsəbələrə yeni marşrut xətti açılıb. Söhbət 48-minədək əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən gedir.
Bakı Nəqliyyat Agentliyindən (BNa) FED.az-a bildirilib ki, indiyədək qəsəbələrin sakinləri daşımaların keyfiyyətindən, avtobusların isə köhnə və istismara yararsız olmasından davamlı şikayət edirdilər.
İndiyədək 101, 150 və 187 nömrəli marşrutlar istismar edən “3 № Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin avtobuslara zəruri texniki qulluq göstərməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
Nəticədə metronun “Koroğlu” stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər avtobuslarla getmək əvəzinə qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə baha başa gəlməklə yanaşı, təhlükəsizlik riskləri yaradırdı.
Bunları nəzərə alaraq BNA Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edib.
Dəyişikliyə əsasən, Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub və zəruri infrastruktur işləri görülüb. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.
Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) “Q1” adı ilə yeni marşrut xətti təşkil edilir. “BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. “Q1” xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.
Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin “Koroğlu” NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq. İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən “Koroğlu” NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.
Sərnişinlərin narazılıq etdiyi 101, 150 və 187 nömrəli marşrut xətləri isə əsaslı təmir edilən avtobusları olan «Çinar Trans» şirkətinə verilib. Daşımadakı bu dəyişikliklər aprelin 12-dən tətbiq olunacaq.