Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsinə start verib.
FED.az xəbər verir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mütəxəssisləri Buzovna qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştirak etməyə dəvət edir
Komitə bildirir ki, prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Komitə tərəfindən keçirilən “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsi proqramının ilk mərhələsi Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə edib və iştirakçılarının təklifləri əsasında 16 aprel tarixində Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib. Qəsəbədə abadlıq işləri həm mövcud binalar üzərində, həm də açıq məkanlarda aparılacaq.
Bu işlərin davamı olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin ikinci mərhələsinə start verir. Bu dəfə müsahibə Buzovna qəsəbəsini əhatə edəcək. Ümumi mükafat fondu 20 min manat olan müsabiqəyə təqdim olan layihələrdə Buzovna qəsəbəsində estetik görünüşünün və həyat keyfiyyətinin inkişaf etdirilməsi, orijinallıq və mühit-məkan həllinin müəyyənləşdirilməsi kimi vacib məqamlar öz əksini tapmalıdır.
Müsabiqədə iştirak etmək istəyənlər 31 may 2021-ci il tarixinədək qeydiyyatdan keçməli, layihələr isə 28 iyun 2021-ci il saat 18:00-dan gec olmayaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Bununla yanaşı iştirakçılar tərəfindən 5 iyul 2021-ci il tarixindən gec olmadan təqdim olunan layihəni izah edən videotəqdimat da [email protected] elektron ünvanına göndərilməlidir. Bildirək ki, layihə müəllifləri fərdi və ya qrup şəklində iştirak edə bilərlər. Layihələr tam tərkibdə təqdim olunmalıdır. Müsabiqədə iştirak üçün hər hansı ödəniş tələb olunmur.
22 iyul 2021-ci il tarixində elan olunacaq nəticələrə əsasən münsiflər heyətinin seçdiyi 4 nəfər mükafatlandırılacaq. 1-ci yerin sahibinə 10000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) isə hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək. Qeyd edək ki, seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi də prosesə cəlb olunacaq.