Prezident İlham Əliyev “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Nazirlər Kabineti Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” ASC-ni idarə etmək hüququna dair Müqavilə”nin Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla bağlanmasını iki ay müddətində təmin edəcək.
Həmçinin “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycanın müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlanıb Azərbaycan Prezidentinə təqdim olunmalıdır.
İqtisadiyyat Nazirliyi isə müqavilə təsdiq edildikdən sonra “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin edəcək.