Əmanətlərin Sığortalanması Fondu lisenziyasi ləğv edilən “Atabank” ASC və “Amrahbank” ASC-dəki əmanətlərlə bağlı açıqlama yayıb.
Fonddan FED.az-a bildirilib ki, “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir.
“Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcəkdir.
Əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.
“Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:
1 iyun 2020-ci il tarixindən başlayaraq “Atabank” ASC və “Amrahbank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi;
1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.
“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcəkdir.