Bakının mərkəzindən 20 dəqiqəlik məsafədə, Binəqədi rayonu ərazisindəki sənaye zonasında yerləşən məşhur ayaqqabı fabrikini bir neçə milyon manata almaq imkanı var. Hökumət Azərbaycanın iri və maraqla istehsal müəssisələrindən olan «Bakı Ayaqqabı fabriki» ASC-ni özəlləşdirməyə çıxmağa hazırlaşır.
Eləcə də bax: Azərbaycanın məşhur fabriki satışa çıxarılır – 30 ÖLKƏDƏN ŞİRKƏTLƏR DƏVƏT EDİLİB
FED.az xatırladır ki, prezident İlham Əliyevin 29 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin bir sıra müəssisə və obyektləri özəlləşdirməyə açılıb və bunlardan biri də «Bakı Ayaqqabı fabriki» ASC-dir.
Müəssisənin əhəmiyyəti və perspepktivi nəzərə alınaraq onun investisiya müsabiqəsi ilə özəlləşdirilməsi nəzərdə tutulub. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti yerli və xarici investorları bu barədə məlumatlandırmaqla məşğuldur. Bu məqsədlə iyunun 30-da müəssisəyə mediatur təşkil edilib.
«Bakı Ayaqqabı fabriki» ASC indiyədək ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qoruyub saxlaya bilib. Hazırda burada hərbi təyinatlı ayaqqabılar buraxılır – ildə 300 minə yaxın hərbi ayaqqabı buraxılır. Onun əsas alıcıları Silahlı Qüvvələr, o cümlədən Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və daxili Qoşunlardır. Bundan başqa, müəssisədə ayrı-ayrı şirkətlərin sifarişi ilə fəhlə ayaqqabıları da buraxılır. Amma istehsalın 90%-dən çoxu hərbi təyinatlıdır.
Məhz bu sifarişlər sayəsində müəssisə mənfəətini və iş yerlərinin biir hissəsini qoruyub saxlaya bilib – vaxtilə 300 nəfərin çalışdığı müəssisədə hazırda 160 nəfər işləyir. Şirkət 2021-ci ili 300 min manata yaxın xalis mənfəətlə tamamlayıb.
«Bakı Ayaqqabı fabriki» ASC-nin avadanlıqları, tikiş və yapışdığıcı dəzgahları işlək vəziyyətdədir – ən yeni avadanlıqlar «karusel» prinsipi ilə işləyən alman istehsallı yapışdırıcılardır, onların yaşı az olmasa da, tələbatı təmin edir. «Dəzgahlar ildə bir dəfə yoxlanılır, saz vəziyyətdə saxlanılır»-deyə müəssisənin əməkdaşları bildirir.
«Bakı Ayaqqabı fabriki» ASC-də istehsal üçsün lazım olan xammallardan dəri məmulatları yerli istehsaldır – müəssisə dərini Ceyranbatandakı dəri müəssisələrindən birindən alır. Qalan məhsullar, o cümlədən altlıqlar isə Türkiyədən gətirilir.
Müəssisəni özəlləşdirməkdə məqsəd buraya özəl investisiyaları cəlb etmək, yeni iş yerləri açmaq və məhsul çeşidini artırmaqdır. Dövlət qurumları burada iş yerlərinin artırılaraq yenidən 300 nəfərə qaldırılacağına ümid edirlər.
Bəzi hesablamalara görə, bu işləri həyata keçirmək üçün bir neçə milyon - təqribən 5-6 milyon manat (dövlət büdcəsinə ödəyəcəyi məbləğdən əlavə) investisiyaya tələbat olacaq.
ƏMDX-nin nümayəndələri FED.az-a bildiriblər ki, müəssisəni özəlləşdirəcək şəxs burada hansı təyinatlı malların istehsalını seçməkdə sərbəst olacaq.
Əvvəla, müəssisənin yeni sahibi rahatlıqla hərbi məhsulların istehsalını saxlaya bilər – hazırda hərbi təyinatlı məhsullara tələbat böyükdür və bir neçə daimi alıcı var.
Hələliksə araşdırmalar göstərir ki, «Bakı Ayaqqabı fabriki» ASC-də hərbi ayaqqabılarla yanaşı, qadın, uşaq, kişi ayaqqabıları da istehsal etmək olar. Üstəlik burada dəri məmulatları, o cümlədən kəmərlər və digər aksessuarlar buraxmaq mümkündür: «Belə bir istehsal üçün tam şərait var, biz bir neçə il bundan əvvəl bunu etmişik»-deyə müəssisənin yeni təyin edilmiş baş direktoru Anar Dadaşev FED.az-a «Bakı Ayaqqabı fabriki» ASC-nin perspektivlərini izah edib.
Mütəxəssislər bildirirlər ki, burada dəri məmulatlarından istifadə zamanı böyük həcmdə tullantı yaranır və onlardan çoxsaylı aksessuar, kəmərlər və sair istehsal etmək, hətta bu qırıntılardan digər daha kiçik ayaqqabıların istehsalında istifadə etmək mümkündür: « Burada yeni dəri müəssisəsi də yaratmaq, kəmər də istehsal etmək olar. Məsələ bundadır ki, ayaqqabı istehsalı zamanı böyük həcmdə tullantı olur və ondan çoxsaylı əlavə məhsullar istehsal etmək mümkündür».
3 hektar sahədə yerləşən müəssisənin həyətində 1 hektardan artıq boş yer var, ƏMDX-də hesab edirlər ki, yeni investor bu ərazidə daha bir müəssisə yarada bilər.
Hazırda ƏMDX-nin müvafiq qurumları potensial investorlarla danışıqlar aparırlar. Xüsusilə yerli investorlarla müzakirələr aparılır.
Bundan başqa, «Bakı Ayaqqabı Fabriki»nin özəlləşdirilməsinə strateji investorların cəlb olunması məqsədilə ƏMDX 30-dan artıq ayaqqabı istehsalı üzrə ixtisaslaşmış xarici şirkətə dəvət məktubları göndərib və müəssisə barədə ətraflı məlumat verilib. Bunların arasında Türkiyə, İtaliya, Almaniya, İngiltərə, Fransa, Portuqaliya, Danimarka və Finlandiya şirkətləri var.
Onların arasında tanınmış brendlər də var, bəzilərindən reaksiya gəlib – onlar əlavə məlumat istəyiblər.
Müəssisə investisiya msabiqəsi üsulu ilə özəlləşdiriləndə əmək kollektivinin də müəsssədən pay alması məsələsi müzakirə ediləcək, onlar öz paylarına düşən hissəni güzəştli pul hərracı ilə alacaqlar.
Bir qədər əvvəl hökumət investorlar üçün real təklif hazırlamaq üçün müəssisədə geniş inventarizasiya aparıb və müstəqil qiymətləndirici şirkətin iştirakı ilə müəssisənin nizamnamə kapitalı 7,8 milyon manat müəyyən edilib. Bu məbləğ hər birinin nominalı 2 manat olan 3 milyon 926 min səhmə bölünüb.
«Dövlət Xidməti potensial investorları özəlləşdirmədə iştiraka dəvət edir. İnvestorlar daha ətraflı məlumat əldə etmək üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər»-deyə Əmlak məsələləri Dövlət Xidmətinin nümaynədəsi investonrlara müraciət edib.
Qeyd edək ki, “Bakı Ayaqqabı fabriki” ASC-nin investisiya müsabiqəsinə çıxarılması barədə elan 30 gün əvvəl Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.