İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi məqsədilə yanvar-fevral aylarında 5 hərrac keçirib. Bu hərraclarda 2 səhmdar cəmiyyətin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 83 nəqliyyat vasitəsi özəlləşdirilib.
Azərbaycanda nazirliyə məxsus obyektlər 2000 manatdan satışa çıxarılır - SİYAHI
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, iki ayda hərraca çıxarılmış dövlət əmlakı üzrə 63 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 11 onlayn qoşulma reallaşıb. Yanvar-fevral ayları ərzində hərrac üsulu vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 14,8 milyon manat təşkil edib.
Dövlət əmlakının icarəyə verilməsi sahəsində də bu ilin ilk 2 ayında yüksək nəticələr əldə edilib. Belə ki, bu dövrdə 439 yeni icarə müqaviləsi bağlanılıb, bunlardan 134-ü qeyri-yaşayış, 305-i isə torpaq sahələrinə dair olub. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-fevral ayları ərzində dövlət büdcəsinə 5,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Beləliklə, bu ilin yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 20,7 milyon manat vəsait büdcəyə daxil olub.