Bakı mənzil bazarında son illərin ən güclü qiymət artımı qeydə alınıb.
İlk dəfə ilkin bazarda mənzillərin qiyməti təkrar bazar qiymətlərini üstələyib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında məlumat verilir.
Belə ki, 2023-cü illə müqayisədə 2024-cü ildə mənzil bazarında qiymətlər yüksəlib. İlkin mənzil bazarında 14%, təkrar mənzil bazarında isə 15% bahalaşma müşahidə olunub. Uzunmüddətli müqayisələr də artım tempinin davamlı olduğunu göstərir. 2021-ci illə müqayisədə 2024-cü ildə qiymətlər ilkin bazarda 58%, təkrar bazarda isə 36% artıb.
2024-cü ilin ilk iki rübündə ilkin bazar qiymətləri təkrar bazardan yüksək olsa da, ilin sonrakı mərhələlərində bu fərq azalıb və ilkin bazarda qiymətlər geriləyib. İlin əvvəlindən sonuna qədər ilkin bazarda 1,2%, təkrar bazarda isə 13% bahalaşma qeydə alınıb. Bununla yanaşı, 2024-cü ilin II rübü ilə III rübü müqayisə edildikdə ilkin bazarda 8% ucuzlaşma baş verib.
Son olaraq qeyd olunur ki, 2025-ci ilin I rübündə qiymətlər müşahidə dövrü üzrə maksimum həddə çatıb.