Əmanətlərin Sığortalanması Fondu ləğvetmədə olan bir neçə bankın balansında olan daşınmaz əmlakları açıq hərraca çıxarır.
Müflis olmuş bankların əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, hərrac 19 noyabr 2025-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək. Hərracda “Yunayted Kredit Bank”, “Atabank” və “Atrabank” ASC-lərə məxsus müxtəlif təyinatlı binalar satışa çıxarılır.
İlk olaraq “Yunayted Kredit Bank” ASC-nin balansında olan daşınmaz əmlak: Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi 5A ünvanında yerləşən, ümumi sahəsi 154,40 kv.m olan qeyri-yaşayış binasıdır. Əmlakın ilkin satış qiyməti 800 000 manat müəyyən edilib. Hərracda iştirak üçün tələb olunan beh məbləği satış qiymətinin 5%-i, yəni 40 000 manat təşkil edir.
İkinci satışa çıxarılacaq obyekt “Atabank” ASC-yə məxsus Şirvan şəhərində, Heydər Əliyev prospektində yerləşən, 0,55 hektar torpaq sahəsində inşa olunmuş 2 mərtəbəli qeyri-yaşayış binasıdır. Binanın ümumi sahəsi 314,7 kv.m-dir (275,7 kv.m əsas, 39 kv.m köməkçi sahə). Bu əmlakın ilkin satış qiyməti 430 000 manat, beh məbləği isə 21 500 manat olaraq müəyyən olunub.
Digər obyekt “Atrabank” ASC-nin balansındadır və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir. Ümumi sahəsi 436,2 kv.m olan 2 mərtəbəli 94c nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 1 600 000 manat, beh məbləği isə 80 000 manat təşkil edir.
Nəhayət, “Atabank” ASC-yə məxsus olan daha bir obyekt Şamaxı şəhəri, Şəhriyar küçəsi 22 ünvanında yerləşir. Ümumi sahəsi 279,3 kv.m olan bu qeyri-yaşayış binasının ilkin satış qiyməti 490 000 manat, beh məbləği isə 24 500 manat olaraq göstərilib.
Bütün hərraclarda alış qiyməti qalib tərəfindən 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir. Hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə təsis sənədlərini təqdim etməlidirlər.
Ümumilikdə satışa çıxarılan əmlakların dəyəri 3 milyon 320 min manat, beh məbləğlərinin ümumi məbləği isə 166 min manat təşkil edir.
Hərracın keçirildiyi ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası).
Əlavə məlumat üçün əlaqə telefonu: 055-206-66-67.












