Bakıda 4, 5, 6 hətta 7 milyon manata satışa çıxarılan mənzillər var.
FED.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakıda xüsusilə birinci zonada dəyəri milyonlarla manat olan bina evləri satışa çıxarılır.
Həmin mənzillərin bir hissəsi yeni, bir hissəsi isə köhnə tikili binalardadır. Alıcılara hətta 7 milyon manat dəyəri olan mənzillər də təklif edilir.
Ekspertin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında ötən il ilə müqaisədə mənzil bazarında 10%-ə yaxın bahalaşma var. Xüsusilə iri şəhərlərdə, yəni Bakı, Xırdalan və Sumqayıtda daşınmaz əmlakların satış qiymətləri kəskin artıb. Səbəblərdən biri ipoteka və yaxud digər kreditli şərtlərlə satışa yararlı mənzillərin sayının məhdud olmasıdır. Bundan başqa, söküntülər səbəbindən vətəndaşlara kompensasiya olaraq mənzil deyil, pul verilməsi də alıcılıların sayını artırıb və bu da qiymətlərin yüksəlməsi ilə nəticələnib.
Ekspert deyir ki, azad edilən ərazilərdə sürətlə tikinti-bərpa işləri gedir. Keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına köçdükcə, o ərazilərdə iş yerlərinin, infrastrukuturn qurulması fonunda yaşayış sahələrinin sayı da artacaq. Bu isə Bakıda insan sıxlığını azalda və qiymətlərin stabilləşməsinə səbəb ola bilər (Xezerxeber.az).