Bakıda mart ayı ərzində daşınmaz əmlak bazarında müxtəlif seqmentlər arasında likvidlik göstəricilərində əhəmiyyətli fərqlər ortaya çıxıb.
Dövlət əmlakının icarəsindən gəlir kəskin artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) bildirilib.
"Ən yüksək likvidlik kütləvi yaşayış seqmentində müşahidə edilir, premium seqment və torpaq bazarında isə satışın reallaşma müddəti daha uzun sürür", - AQP qeyd edir.
Məlumata görə, kütləvi yaşayış seqmentində 1 kvadratmetrin orta dəyəri 2 050 manat səviyyəsindədir. Həmin seqmentdə qiymətlər illik müqayisədə 7 % yüksəlib, satışın baş tutma müddəti isə orta hesabla 45-60 gün intervalında dəyişir. Endirim səviyyəsinin 3-5 % olması ilə bu seqment bazarın ən likvid hissəsi kimi dəyərləndirilir.
Genişlənmə zonalarında qiymət diapazonu 1 700-2 200 manat arasında formalaşıb. Bu ərazilərdə bahalaşma tempi 9-10 % həddindədir. Lakin satışın reallaşma müddətinin 60-90 gün, diskontun isə 5-7 % təşkil etməsi səbəbindən bu seqmentdə likvidlik orta səviyyə kimi qiymətləndirilir.
Premium zonalarda median qiymət göstəricisi 3 600-4 200 manat aralığındadır. Bahalaşma tempi nisbətən zəifdir – cəmi 2-3 % civarındadır. Bu seqmentdə satış müddəti 110-150 günə çatır, endirim isə 7-10 % həddindədir ki, bu da likvidliyin aşağı olduğuna işarə edir.
Köhnə tikili bazarında median qiymət 2 150 manat ətrafında formalaşıb. Bu seqmentdə qiymət artımı 3-4 %, satış müddəti 60-80 gün, endirim səviyyəsi isə 5-6 % təşkil edir. AQP-də hesab edirlər ki, likvidlik burada orta həddə qalmaqda davam edir.
Palatadan bildirilib ki, torpaq bazarında likvidlik ən aşağı göstəricidədir. 1 sot torpağın dəyəri 120-180 manat intervalında dəyişir. Qiymət artım tempinin 9-11 % olmasına baxmayaraq, satış müddətinin 90-180 gün, diskontun isə 10-20 % təşkil etməsi alqı-satqı əməliyyatlarının bu sahədə daha çətin həyata keçirildiyini sübut edir.
"Ümumi mənzərəyə nəzər saldıqda, daha münasib qiymətə malik və geniş alıcı auditoriyasına hesablanmış seqmentlər sürətli dövriyyə ilə fərqlənir. Yüksək büdcə tələb edən seqmentlər və torpaq bazarı isə uzun satış dövrü ilə səciyyələnir", - AQP qeyd edir. (Report)













