23 dekabr 2025-ci il tarixində Bakı və Gəncə şəhərlərində yerləşən kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi üzrə təkrar hərrac keçiriləcək.
FED.az xəbər verir ki, hərraca paytaxtda iki, Gəncədə isə bir obyekt çıxarılıb.
Satışa çıxarılan əmlakların start qiymətləri və parametrləri aşağıdakı kimidir:
Hərracın ən yüksək qiymətli lotu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi (AB massivi, 137) ünvanında yerləşən "42 saylı mağaza"dır.
Ümumi faydalı sahəsi 1664,4 kv.m təşkil edən bu obyektin ilkin satış qiyməti 400.000 manat müəyyən edilib.
Hərracda iştirak etmək üçün tələb olunan 10%-lik beh məbləği isə 40.000 manatdır.
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 5 ünvanında yerləşən "Metal məmulatlarının təmiri və hazırlanması emalatxanası" da özəlləşdirməyə çıxarılır.
Bu obyektin ümumi start qiyməti 140 min manatdır. Bu məbləğin 50 min manatı əmlakın, 90 min manatı isə torpaq sahəsinin dəyəridir.
Müəssisənin faydalı sahəsi 699,7 kv.m olsa da, özəlləşdirilən torpaq sahəsi kifayət qədər genişdir – 4528,6 kv.m.
Beh məbləği 14 min manat təşkil edir.
Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayon (2C) ünvanında yerləşən "3 saylı avtodayanacaq" da təkrar hərraca təqdim edilib.
Obyektin ümumi start qiyməti 75.000 manat təşkil edir.
Bu qiymətə 140,8 kv.m-lik tikili sahəsi (12.500 manat dəyərində) və 2504,8 kv.m-lik torpaq sahəsi (62.500 manat dəyərində) daxildir.
İştirak üçün tələb olunan beh: 7 min 500 manatdır.
Qeyd edək ki, Bakıdakı obyektlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində, Gəncədəki obyekt isə "Avtomotoservis və Ticarət" İstehsalat Birliyinin balansındadır.
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
Qeyd: Hərraclar Bakı və Gəncə şəhərlərində müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.
Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Xidməti (Əmlak Xidmətləri Məkanının binası 2-ci mərtəbə)
ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küşəsi, 20
Gəncə şəhəri üzrə:
ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti, 434 (Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binası), əlaqə telefonu: (kod 022) 266-87-57
Hərracların keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.










