İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə dialoq formatında görüşlərin keçirilməsi və birgə əməkdaşlıq davam etdirilir.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, növbəti belə görüş "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyatı strukturların nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Görüşdə turizm agentliklərinin fəaliyyəti, o cümlədən gəlmə turizmlə bağlı mövcud çətinliklər, onların həlli və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub.
Gəlir və xərclərin, o cümlədən vergi ödəyicisi olmayan şəxslərdən alınmış işlərin (xidmətlərin) rəsmiləşdirilməsi, ƏDV əvəzləşməsi, nağdsız əməliyyatların aparılması, güzəştli vergi tutulan ölkələrə ödənişlər, komisyon müqavilələri üzrə əməliyyatların vergiyə cəlb olunmasına dair qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Görüş zamanı turizm sektorunun nümayəndələrinin vergi qanunvericiliyi ilə bağlı təklifləri dinlənilib, bir sıra məsələlər üzrə müvafiq izahatlar verilib, ümumi yanaşmalar bir daha müzakirə edilib və birgə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyi qeyd olunub.