İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş idarəsi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib.
Vergi Xidməti Şuşada mikro və kiçik sahibkarlarla görüş keçirib - FOTO
FED.az xəbər verir ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinə göstərilən xidmətlər, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri, o cümlədən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Tədbirdə çıxış edən Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı danışıb. Emil Şirinov SİF tərəfindən sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi alətləri barədə məlumat verib. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək icra olunan layihələrin maliyyələşdirilməsinə 24 milyon manatadək güzəştli kreditin ayrılması təmin edilib. Emin Şirinov bu mexanizmi sahibkarlara çatdırmaqda Fondun xüsusilə maraqlı olduğunu vuğulayıb. Qeyd edib ki, SİF üzləşdikləri çətinliklərin həlli istiqamətində sahibkarlara səlahiyyətləri çərçivəsində dəstək verməyə hazırdır.
Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı bir sıra məqamlara toxunub, bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, sahibkarlığın inkişafına yönələn dəstək mexanizmləri bu ərazilərdə insanların məskunlaşması, işçi qüvvəsinin cəlb olunması, infrastrukturun böyüməsi nöqteyi nəzərdən olduqda önəmlidir.
Görüşdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinin monitorinqi aparılıb və bunun əsas məqsədi sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmasının qiymətləndirilməsidir. Çünki məhz qeydiyyatda olan sahibkarlıq subyektləri bu ərazilərdə rezident statusu əldə edərək vergi güzəştlərindən yararlana biləcəklər.
Sonda müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.