Şuşa şəhərində sahibkarlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi məqsədilə görülən işlər və biznesə təklif edilən əlverişli imkanlar barədə məlumat verilib.
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şuşa şəhərində Xankəndi, Şuşa və Xocalıda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Mikro və kiçik sahibkarlıq subyektlərinin iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi məqsədilə həyata keçirilən layihələr, tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi, kredit faizlərinin subsidiyalaşdırılması barədə məlumat verilib.
Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, işğaldan azad olunmuş ərazilərdə rezident statusu alan sahibkarlara şamil olunan vergi güzəştləri və Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə danışıb. Qeyd olunub ki, dayanıqlı iş yerləri üç mənbədən formalaşır. Bu mənbələr dövlət müəssisələrinin yaradılması, özünəməşğulluq və özəl sektordur. Bu baxımdan özəl sektorun inkişafı çox önəmli məsələdir.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin üzvü Emin Şirinov təmsil etdiyi qurumun sahibkarlıq subyektlərinə göstərdiyi maliyyə dəstəyi barədə məlumat verib. Bildirilib ki, cari ilin 9 ayı ərzində 4116 sahibkarlıq subyektinin investisiya layihəsinə 167,6 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin layihələri 23,8 milyon manat güzəştli kreditlərlə dəstəklənib. Bununla yanaşı zəmanət subsidiya mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə kredit tələbi 17,7 milyon manat olan 8 layihəyə 14 milyon manat məbləğində dövlət zəmanəti verilib.
Görüş zamanı sahibkarlıq subyektlərinin qeydiyyat məsələsinə toxunulub, rezident statusunun əldə edilməsinin önəmi vurğulanıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.