İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən 2023-cü ilin I yarısında 21 milyon 288,5 min manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.
Vergi Xidməti planı böyük artıqlaması ilə yerinə yetirir - NAZİR MƏLUMAT PAYLAŞDI
Bu barədə FED.az-a DVX-dən məlumat verilib.
Dövlət Vergi Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində vergi ödəməkdən yayınma faktları üzrə 268 cinayət işi başlanılıb. Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, cəmi 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 38 cinayət işi məhkəməyə göndərilib, istintaqı tamamlanmış 42 cinayət işindən 18 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tam şəkildə ödənildiyindən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 3 milyon 551,8 min manat məbləğində vəsait ödənilib.
Cari ilin 6 ayı ərzində müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 100 vergi ödəyicisində 199 nəzarət tədbiri həyata keçirilib, 76 vergi ödəyicisində 163 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 150,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 2,6 milyon manat həcmində vəsait ödətdirilib.
DVX 2022-ci ildə vergi ödəməkdən yayınma faktları ilə bağlı cinayət işləri üzrə dövlət büdcəsinə 44,3 milyon manat məbləğində vəsaitin ödətdirilməsini təmin edib.