Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilərək, mövcud güzəştlər sisteminə yenidən baxılıb. Bir sıra güzəştlərin tətbiq müddətləri uzadılıb, bəzi güzəştlərin tətbiq dairəsi genişləndirilib, həmçinin yeni güzəştlər əlavə edilib.
Eləcə də bax: Elektron hesab fakturası dəyişdirilir - MƏCƏLLƏDƏ YENİLİK
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən dəyişikliklərə əsasən, quş əti satışının ƏDV-dən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, habelə heyvan ətinin satışı 4 il ərzində ƏDV-dən azad edilib. Fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib.
Bundan başqa, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrlik sahəsi istisnasız olaraq vergidən azad edilib. Peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad olunub.
Mövcud güzəştlər sisteminə daha bir maddə əlavə olunub. Belə ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi həmin fiziki şəxslərə geri qaytarılacaq. (Trend)