Qeyri-neft sektorunda dövlət büdcəsinə 100 manat vergi daxilolmasının təmin edilməsi üçün 1,2 manat xərclənir – Dövlət Vergi Xidməti.
"Hazırda qeyri-neft sektorunda dövlət büdcəsinə hər 100 manat vergi daxilolmasının təmin edilməsi üçün vergi orqanları təxminən 1 manat 16 qəpik xərc çəkir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müavini Samirə Musayeva deyib.
"Bunun az və ya çox olması ayrıca müzakirə mövzusudur. Biz beynəlxalq müqayisə göstəricilərini də nəzərdən keçiririk və hazırkı xərclərimizin yüksək olmadığını düşünürük. Bununla belə, əsas hədəfimiz xərcləri artırmadan dövlət orqanının fəaliyyətini daha da səmərəli təşkil etmək və büdcə gəlirlərinin təmin olunmasına nail olmaqdır", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, texnologiyaları tətbiq etmədən bu hədəflərə çatmaq çətindir: "Yeni proqram təminatları və xüsusilə süni intellekt həlləri qeyri-maddi aktivlərin yaradılması və istifadəsi imkanlarını da genişləndirir. Lakin vergi orqanları kimi həssas məlumatlarla və kommersiya sirri ilə işləyən dövlət qurumlarında süni intellektin tətbiqi zamanı informasiya təhlükəsizliyi və məlumatların qapalı mühitdə emalı xüsusi əhəmiyyət daşıyır. Bunun üçün yüksək hesablama gücünə malik server avadanlıqları tələb olunur. Düşünürəm ki, böyük bank sektorunda da vəziyyət oxşardır".













