Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Vergi Xidməti ilə birgə hazırladığı yeni qanun layihəsində nəzərdə tutulub ki, səhmlərinin 20%-ni kütləvi təklif edən və istehsalat fəaliyyəti ilə məşğul olan səhmdar cəmiyyətlərinə mənfəət vergisi üzrə üç il müddətinə güzəşt verilsin.
Eləcə də bax: Sahibkarların bank hesablarına dair məlumat vergi orqanına - TƏQDİM OLUNACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu AMB, Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası (BFB) tərəfindən yerli sahibkarlar üçün "Listinqlə bağlı yeniliklər və BFB-də listinq" mövzusunda onlayn seminarda çıxış edən AMB-nin Kapital bazarına nəzarət departamentinin analitiki Həmid Quliyev deyib.
Onun sözlərinə görə, bundan əlavə, qanun layihəsində sözügedən şirkətlərin idarəçilərinin də mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.
"Daha sonra, məsələn, siz investor kimi səhm və istiqrazlarınızla fond birjasında əməliyyatlar aparmaq istəyirsiniz və bu əməliyyatların arasında yaranan fərqdən – nominal dəyərləri arasında fərqdən də vergi tutulur və biz bu məbləğ üzrə də güzəşt tətbiq etməyi nəzərdə tuturuq", - H. Quliyev bildirib.
AMB-nin analitiki qeyd edib ki, sözügedən qanun layihəsinin bu ilin sonuna təsdiqlənməsi gözlənilir.