Azərbaycanda müzakirə edilən “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində vergi qanunvericiliyinə bəzi dəyişikliklərin edilməsi, eləcə də sosial ödənişlərə yenidən baxılması nəzərdə tutulur.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinin sayı - 7% ARTIB
FED.az xatırladır ki, “Əlverişli Biznes Mühiti” layihəsi Dünya Bankı Qrupu tərəfindən təqdim edilib və bir neçə sahəni əhatə edir. Layihənin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi təqdim edilib və bu istiqamətdə nəzərdə tutulan tədbirlər müəyyənləşdirilib.
Yol Xəritəsində mühüm bir istiqamətlərdən biri vergi yükü və vergi sistemlərinin səmərəliliyi ilə bağlıdır.
Bu istiqamətdə İşçi qrup biznes üçün vergi yükünün azaldılmasını müzakirə edir.
Eləcə də vergi qaydalarına əməl etmək üçün sərf edilən vaxt göstəriciləri də azaldılacaq.
Vergi yükü ilə bağlı gözlənilən dəyişikliklər özünü sosial ödəmələrdə də göstərəcək. Xüsusilə kiçik dövriyyəyə malik, mikro sahibkarlıqla məşğul olan fərdi sahibkarların ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması (azaldılması) məsələsi aktualdır. Hökumət bildirir ki, özəl sektorun, xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətləndirilməsi diqqət mərkəzindədir.
Bununla yanaşı, sosial ödənişlərin azaldılması gələcəkdə sahibkarların özünün pensiya təminatına problem yarada bilər. Ona görə də, bu məsələ ətraflı öyrənilməklə və həmin şəxslərin gələcək sosial təminatları nəzərə alınmaqla təkliflərin hazırlanması və təqdim edilməsi nəzərdə tutulur.
Sahibkarlar üçün vergi sahəsində digər həssas məsələ artıq ödənilən vergilərin çevik şəkildə geri qaytarılmasıdır.
Bununla bağlı olaraq artıq ödəmələrin çevik qaytarılması nəzərdə tutulan vergi ödəyiciləri meyarlarının müəyyən edilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, bu mexanizmə artıq ödənilən sosial ödənişlər də əlavə ediləcək.
Yəni artıq ödənilən vergilərin büdcədən qaytarılması ilə bağlı yaradılmış “Vahid elektron lövhə” sisteminə sosial sığorta haqları üzrə artıq ödəmələrin də əlavə edilməsi müzakirə edilir. Nəticədə sahibkarlar artıq ödənilən vergidə olduğu kimİ, artıq ödənilən sosisla sığorta haqqını da daha tez geri ala biləcəklər.