Artıq 2 ildir ki, ölkədə istehlakçılar aldıqları bəzi mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) müəyyən hissəsini geri alırlar.
Eləcə də bax: “ƏDV geri al” tibb xidmətlərində keçərlidirmi? - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, 2020-ci ildə Vergi Məcəlləsinin təsdiq edilmiş yeni qaydasına əsasən, ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi istehlakçılara geri qaytarılır. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlər üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edir.
ƏDV çeki niyə verilmir?
Lakin qaydaların tətbiqindən 2 il ötməsinə, “ƏDV-ni geri al” portalından qeydiyyatdan keçən vətəndaşların çekləri əldə etmək maraqlarının artmasına baxmayaraq, bu sahədə hələ də problemlər mövcuddur.
Bəzi ticarət və iaşə obyektləri alınan məhsullar üzrə çeki verməkdən yayınır, digərləri rahatlıqla çeki versə də, sistemə yüklənən zaman həmin obyektin ƏDV ödəyicisi olmadığı və ya artıq bu çekin sistemə yükləndiyi ortaya çıxır. “ƏDV-ni geri al” layihəsi əhalinin nağdsız ödənişlər həyata keçirməsi üçün stimullaşdırıcı xarakter daşımasına, kartla ödənişdə qaytarılan ƏDV-nin daha yüksək olmasına baxmayaraq, bəzi iaşə obyektləri nağdsız ödəniş zamanı yalnız bank məlumatı olan çeki alıcıya təqdim edir. ƏDV fiskal kod və ya “QR kod” olan çeki isə özlərində saxlayırlar. Bəzi alıcılar utanaraq ya çeki tələb etmir, bəziləri isə bunu tələb etdikdə satıcı tərəfindən daha qəzəblə qarşılandıqlarını deyirlər.
Vətəndaşlara 130 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən qəzetimizə bildirilib ki, “ƏDV-ni geri al” sistemində indiyədək 1,6 milyondan artıq istifadəçi qeydiyyatdan keçib, 130 milyon manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
Mövcud qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi isə, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda alınan mal və ya xidmətlər ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından (NKA) istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Xidmətin məlumatına görə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması, məsələn, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ, o cümlədən ƏDV-nin məbləği, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, aparatın fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (Quick Response Code) və s. ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər: “Qanunvericiliyə əsasən nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışlarını və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir”.
İstehlakçıya çek təqdim edilməlidir
Dövlət Vergi Xidmətindən bildirilir ki, NKA tətbiq edilməsi nəzərdə tutulan sahələrdə təqdim olunan mala görə alıcıya nəzarət kassa-aparatının çeki verilməlidir.
Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə təqdiminə, həmçinin POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulur.
Vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir: “Belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə və ya vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edə bilərlər”.
Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət qəbul etdikdə müraciətdə göstərilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırır. Vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verilir.
Alkoqollu içkilər və tütün məmulatlarının alışına görə ƏDV geri qaytarılmır
2022-ci il yanvarın 1-dən etibarən tibbi xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədi ilə burada da “ƏDV geri al sistemi” tətbiq edilir.
Alkoqollu içkilər və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq bu məhsullar üzrə ƏDV-nin geri qaytarılması məqsədəmüvafiq hesab edilməyib. 2022-ci il yanvarın 1-dən avtomobillərin, 2022-ci il oktyabrın 1-dən isə alkoqollu içkilərin və tütün məmulatlarının alışına görə ödənilən ƏDV geri qaytarılmır.
ƏDV-nin qaytarılmasında əsas problemlər hansılardır?
İqtisadçı ekspert Əkrəm Həsənov son zamanlar bu sahədə olan problemləri diqqətə çəkib. O, çekin alıcı tərəfindən sistemə vurulan zaman artıq istifadə edildiyi, artıq sistemə vurulduğu halları ilə qarşılaşdığını qeyd edib. Bu da onu göstərir ki, həmin ticarət obyektinin işçiləri həmin çekdən istifadə edib: “Bu halla həm özüm, həm də tanışlarım qarşılaşıblar. Həmin çekin məlumatlarının ticarət obyektində olub-olmadığını da soruşmuşam. Qeyd ediblər ki, alıcıya təqdim edilən çekdəki məlumatlar ticarət obyektlərində də olur. Apteklərdə belə hallar daha çox olur, işçilər istehlakçıya təqdim etdikləri çeki özləri sistemə vururlar. Belə halda vergi orqanlarına şikayət etmək lazımdır”.
Əkrəm Həsənovun sözlərinə görə, son zamanlar sahibkarlar tərəfindən vergi ödəməkdən yayınma halları əvvəlki dövrlə müqayisədə azalıb. İndi şəffaflaşma prosesi gedir. Bütövlükdə dünyanın istənilən ölkəsində sahibkarlar vergidən yayınmağa çalışırlar. Dövlətin işi isə belə halların qarşısını inzibati yollarla almaqdır.
İqtisadçının fikrincə, qaytarılan ƏDV faizinin artırılmasına ehtiyac yoxdur: “Əksər vətəndaşlar “ƏDV-ni geri al” sistemindən istifadə edirlər. Geri qaytarılan ƏDV-ni faizi hamı üçün vacibdir. Hazırda əsas problem çekin alıcıdan əvvəl başqası tərəfindən istifadə olunması ilə bağlıdır”.
Qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var
Əkrəm Həsənov deyir ki, belə problemlərin aradan qaldırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi lazımdır: “Çeki vuran 1-2 manat ƏDV-dən istifadə olunduğunu görüb həmin ticarət obyektindən şikayət edəsi, məhkəməyə verəsi deyil. Elə etmək lazımdır ki, həmin ticarət obyektləri alıcıya təqdim etdikləri çekdən istifadə edə, məlumatları görə bilməsin. Bu halda şikayətə də ehtiyac qalmaz”.
Ekspert vurğulayıb ki, dövriyyəsi 200 min manatı keçməyən obyektlər, bir qayda olaraq, əlavə dəyər vergisininin ödəyicisi deyillər.
“Azərbaycan”