Azərbaycanda çoxsaylı obyektlərdə – xüsusilə də restoran və mağazalarda rast gəlinən «Pos-terminal işləmir» bəhanəsi Türkiyədə də vergidən yayınmaq üçün geniş istifadə olunan üsula çevrilib.
Vergidən yayınmaq üçün vətəndaşlara kartdan-karta - ÖDƏNİŞ TƏKLİF EDİLİR... - VİDEO
FED.az xəbər verir ki, qardaş ölkə bununla bağlı ciddi tədbirlərə başlayır.
Türkiyədə gəlirlərini tamamilə qeydiyyatdan keçirməyən vergi ödəyiciləri üçün yeni araşdırmaya başlanılıb. Vergi müfəttişləri vətəndaşların şikayəti əsasında kredit kartı ödənişlərini qəbul etməyən, kartdan karta köçürmələri tələb edənləri cərimələməyə hazırlaşır.
Bununla yanaşı, vergi müfəttişləri müxtəlif şəxslərdən mütəmadi olaraq pul köçürmələri alan bank hesablarının sahiblərinə qarşı cərimələr tətbiq edəcəklər.
Türkiyə rəsmiləri bildirir ki, posterminalların «işləməməsi» vergi itkisinə səbəb olmağa başlayıb.
Belə addımlar atan obyektlər arasında ticarət və xidmət, xüsusilə də restoranlar, gözəllik salonları və sair var.
Belə obyektlərə qarşı mübarizə ilə yanaşı, hökumət müştərilərə də xəbərdarlıq edir ki, pulu qanuni qaydada ödəməsələr, sonra istehlakçı hüququnun pozulması ilə bağlı işlərə baxılmayacaq.
Paralel olaraq, son vaxtlar Türkiyənin Vergi Müfəttişliyi son qazancı və xərcləri bir-birinə uyğun gəlməyən şəxslərlə bağlı təhlili sürətləndirib. Bank hesabı hərəkətləri, torpaq reyestri və nəqliyyat vasitələrinin qeydiyyatı kimi məlumatlar əsasında qazancları ilə müqayisədə dəbdəbəli həyat əlamətləri göstərənlər və real qazanclarını bəyan etməyənlər auditin əhatə dairəsinə daxil edilir.