Azərbaycanda posterminalların sayı 59 mini keçib.
Eləcə də bax: İqtisadiyyat Nazirliyindən ticarət sektoruna - “Nağdsız ödəniş” Güzəşti
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, aprelin sonuna ölkədə 59 036 pos-terminal quraşdırılıb. İlin əvvəlindən indiyədək pos-terminalların sayı 1916 ədəd artıb.
Pos-terminalların əksəriyyəti - təqribən 38 mini və ya 3-də ikisi Bakıda yerləşir. Bölgələrdə isə 20 mindən ğir qədər artıq pos-terminal var.
Artım da əsasən Bakının hesabınadır – ilin əvvəlindən artan 1900 pos-terminalın 1100-ü Bakıda quraşdırılıb.
Digər maraqlı məqam – ölkədəki bütün 59 min pos-terminalın 57,6 mini pərakəndə ticarət sahəsində quraşdırılıb. Digər sahələrdə isə cəmi 1500 pos-terminal var.
Qeyd edək ki, ölkə qanunvericiliyində POS-terminal quraşdırılmalı olan obyektlərin siyahısı göstərilib.
Eyni zamanda, qanunvericilikdə pos-terminal quraşdırmaqdan yayınmağa görə cərimələr də müəyyən edilib.
POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır:
1. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
2. Dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
3. Rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) ;
4. Hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri ;
5. Vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.
POS-terminalların quraşdırılmamasına görə cərimələr aşağıdakı kimidir:
POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində,
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində,
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Əsaslandırma: Vergi Məcəlləsinin 58.7-ci maddəsi, Nazirlər Kabinetinin 4 oktyabr 2012-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları".