Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış şikayətlər üzrə aparılan monitorinqlərin nəticələrinə əsasən, müraciətlərin 62 faizi mikro sahibkarlıq subyektlərindən daxil olub.
Emil Rəhimov: “Əsas hədəfimiz müraciətlərin daha operativ icrasıdır”
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov “Vergi və Mühasibatlıq Zirvəsi - 2024” platformasında məlumat verib. Onun sözlərinə görə, şikayətlərin 26 faizi kiçik sahibkarlıq subyektlərinin, qalan hissəsi isə orta və iri sahibkarlıq subyektlərinin payına düşüb: “Bölgüdən də göründüyü kimi, mikro sahibkarlıq subyektlərində uçot baxımından problemlərimiz mövcuddur. Vaxtında və düzgün uçot aparılmır, sənədlər təqdim olunmur. Vergi orqanının müəyyən olunmuş uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktubları vaxtında oxunmur və yaxud da oxunmuş məktublara düzgün cavablar verilmir. Bu da hesablamalarla nəticələnir, yekunda vergi ödəyicilərinin müraciətlərinin artımına gətirib çıxarır”.
E.Rəhimov bu kimi problemlərin aradan qaldırılması üçün vergi ödəyicilərinə vergi orqanı tərəfindən daxil olmuş məktubların vaxtında və düzgün cavablandırılmasını tövsiyə edib: “2023-cü ildə daxil olan şikayətlərin 57 faizi vergi ödəyicisinin müraciətindən sonra təqdim etdiyi dəqiqləşdirmə və izahedici sənədlər nəzərə alınmaqla müsbət həll olunub. Bunlar vergilər hesablanmamışdan əvvəl edilsəydi, şikayətlərin də həcmi çox olmazdı və əlavə iş yükü yaranmazdı. Vergi ödəyiciləri bu məsələlərə diqqət etsələr, daha yaxşı olar. Burada əsas nüans odur ki, mikro sahibkarlıq subyektləri peşəkar mühasib xidmətlərindən istifadə etmirlər və nəticədə çətinliklərlə üzləşirlər. Onlar belə xidmətlərə, həmçinin, məlumatlandırma ilə bağlı vergi orqanlarına müraciət etsələr, daha yaxşı olar”. (Vergiler.az)