2023-cü il ərzində vergi ödəyicilərindən daxil olmuş şikayətlərin 57 faizi müsbət həll olunub.
Cari ildə ödənilən və əvəzləşdirilməyən ƏDV məbləğləri - GƏLİRDƏN ÇIXILA BİLƏRMİ?
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov “Vergi və Mühasibatlıq Zirvəsi - 2024” platformasında məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində ümumilikdə 15.000 şikayət icraata qəbul edilib. Eyni və təkrar şikayətlər nəzərə alınmaqla təxminən 10.880 müraciət icraatda olub: “Bunların 95 faizi kameral vergi yoxlamalarından daxil olmuş müraciətlərdir. Risk qrupları üzrə bölsək, şikayətlərin 14 faizi məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından hesablamalara aiddir. ƏDV bəyannamələrində minimum dövriyyələrlə bağlı hesablamalardan daxil olan şikayətlər isə 12 faiz təşkil edib. Riskli vergi ödəyiciləri ilə aparılan əməliyyatlar üzrə əvəzləşmələrin silinməsi və xərclərin nəzərə alınmaması ilə bağlı daxil olmuş müraciətlər 2 faiz təşkil edib”.
Daxil olan müraciətlərin icrasına gəlincə, E.Rəhimov qeyd edib ki, 2023-cü il ərzində müraciətlərin 31 faizinin baxılmamış saxlanılması ilə bağlı inzibati qərar qəbul olunub: “Həmin şikayətlər üzrə vergi ödəyiciləri ilə aparılmış izahat işləri, qanunvericiliyin izahı nəticəsində onlar müraciətlərini geri götürməli olub və bunlarla bağlı inzibati şikayətin baxılmamış saxlanılması qərarı çıxarılıb. İcraçı şəxslər tərəfindən görülmüş izahat-məlumatlandırma işləri ilə bəyannamələrin düzgün tərtib edilməsi, eyni zamanda vergi ödəyicilərinin müraciətlərindən sonra təqdim edilən izahat və əsaslandırmalar, o cümlədən təsdiqedici sənədlər və dəqiqləşmiş bəyannamələr nəticəsində vergi orqanları tərəfindən hesablanmış məbləğlər azaldılaraq şikayətlərin 57 faizi müsbət həll olunub”.
E.Rəhimov vergi ödəyicilərindən daxil olan şikayətlərə baxılması müddətlərinə də aydınlıq gətirib. Bildirib ki, 2023-cü il ərzində icra olunmuş 15.000 şikayətdən 56 faizinə 30 gün ərzində baxılıb. Şikayətlərin 24 faizi 30-60 gün, 20 faizi isə 60-90 gün müddətində icra olunub: “Ümumilikdə baş idarənin qarşısına qoyulmuş əsas hədəflərdən biri müraciətlərin daha operativ icrasıdır. Bununla bağlı bu tendensiyanı 2024-cü ilin ilk 2 ayında davam etdirmişik və daxil olmuş müraciətlərin gün intervalında icrasında artıma nail olmuşuq. Başqa sözlə, 60-90 gün ərzində icra olunan şikayətlərin həcmi 11 faizə enib”. (vergiler.az)