Müəssisənin əmlak vergisi dedikdə müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür. Bəs əmlak vergisi necə hesablanır?
Eləcə də bax: Kənd təsərrüfatı torpaqlarına - Vergi Güzəşti
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
R.Atakişiyev bildirib ki, hüquqi şəxs olan təsərrüfat subyektləri üzrə əmlak vergisi hesabalanan zaman qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Burada müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
Əmlak vergisinin ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisi məbləğinin 20 faizi həcmində vergi ödəyirlər.
İqtisadçı, həmçinin qeyd edib ki, əmlak vergisi hesabat ili bitdikdən sonra hesablanır. Öncədən ödənilən məbləğlər çıxıldıqdan sonra qalan borc büdcəyə ödənilir.