Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən 3 il müddətində mikro sahibkar olan fərdi sahibkarların özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqları növbəti illərdə onların ödəyəcəyi vergi məbləğində nəzərə alınacaq.
Sadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti
FED.az xəbər verir ki, dəyişikliyin mahiyyətini “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir.
Bildiyimiz kimi, fərdi sahibkar, fəaliyyətindən asılı olaraq, sadələşdirilmiş və ya gəlir vergisi ödəyicisi ola bilər. Bu güzəşt hər iki halda tətbiq ediləcək. Gəlir vergisi illik olduğu üçün güzəşt ilin sonunda, sadələşdirilmiş vergi rüblük olduğu üçün güzəşt rübün sonunda nəzərə alınacaq.
Vergi Məcəlləsinin 152.3 maddəsinə əsasən, gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslər tərəfindən özlərinə görə ödədikləri illik məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin təqvim ilinin yekunlarına görə hesablanmış və əvvəlki illərin zərəri çıxılmaqla ödənilməli olan gəlir vergisi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Misal 1: Fərdi sahibkar olan şəxs gəlirindən xərcini çıxmaqla əldə etdiyi mənfəətdən 4.000 manat vergi hesablayıb. O, ilin bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib, buna görə də hər ay 86.25 manat məcburi dövlət sosial sığorta haqqı ödəyib. Fərdi sahibkarın illik ödədiyi sığorta haqqı (MDSS) 1.035 manatdır:
86.25 x 12 manat.
Nəzərə alınacaq güzəşt: 1.035 x 25% = 258.75 manat:
Ödəniləcək vergi: 4.000 - 258.75 = 3.741,25 manat.
Şəxs əgər ilin 5 ayında fəaliyyət göstəribsə, bu zaman onun ödədiyi MDSS haqqı 431.25 manat olacaq.
86.25 x 5 – 431.25 manat.
Bu halda nəzərə alınacaq güzəşt 107.81 manat olacaq:
431.25 x 25% 107.81 manat.
Vergi Məcəlləsinin 221.1-1-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərən mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqı məbləğinin 25 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi ödəyicisinin rüb ərzində hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən (həmin öhdəliklərin məbləğindən çox olmamaqla) çıxılır.
Misal 2: Fərdi sahibkarın 2024-cü ilin 2-ci rübü üzrə hesablanış sadələşdirilmiş vergi məbləği 300 manatdır. O, rübün bütün aylarında Bakı şəhərində fəaliyyət göstərib və 258.75 manat MDSS haqqı ödəyib:
86.25 x 3 = 258.75 manat.
Nəzərə alınacaq güzəşt: 258.75 x 25% = 64.69 manat;
Ödəniləcək vergi: 300 - 64.69 = 235.31 manat. (vergiler.az)