Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir. 2023-cü ilin 9 ayı ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 112,6 milyon manatı qaytarılıb.
Aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial” portalında indiyədək 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. Layihəsinin tətbiq edildiyi vaxtdan 2023-ci ilin 1 oktyabr tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,2 milyarddan çox kassa çeki üzrə 474,1 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
Ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 93 mindən çoxdur. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16,1 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artıqdır.