“Deputat İqbal Məmmədov haqqında mətbuatda yayılan məlumatlarla bağlı parlamentin İntizam komissiyasına müraciət daxil olmayıb”.
Eləcə də bax: İqbal Məmmədovun 10 milyon manat - VERGİ BORCU VARMIŞ - FAKTLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.
O qeyd edib ki, yayılan iddiaların həqiqətə uyğun olub-olmadığı vergi strukturları tərəfindən araşdırılmalıdır:
“Müvafiq qurumlar iddialarla bağlı araşdırmadan sonra konkret yanaşma ortalığa qoymalıdır. İddialar təsdiqini taparsa, Milli Məclisin İntizam komissiyasına müraciət olunarsa, məsələ müzakirəyə çıxarıla bilər.
Xatırlatmaq istəyirəm ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, millət vəkillərinin bizneslə məşğul olmaq hüququ yoxdur. Əgər rəsmi şəkildə deputatın bizneslə məşğul olduğu təsdiqlənərsə, o, Milli Məclis üzvlüyündən çıxarılacaq”.
Qeyd edək ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Deputat mandatından məhrum edilmə prosedurana gəldikdə isə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında əksini tapan məlumata görə, Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.