Dövlət Gömrük Komitəsi bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Türkmənistana gedən yük nəqliyyat vasitələrindən Dövlət Gömrük Komitəsinin yol vergilərinə görə 200 ABŞ dolları məbləğində ödəniş tələb etməsi, sürücülərin bunu ödəməkdən imtina etdiyinə görə yük avtomobillərinin uzun müddət Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında gözləməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Eləcə də bax: Daşıma xidmətləri ilə bağlı - VERGİLƏRDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, məlumatda qeyd olunur ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan ərazisinə daxil olan və tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Həmin Məcəllənin 211.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələri növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının və oxlarının sayından, avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq yol vergisinə cəlb olunurlar.
Həmçinin, Vergi Məcəlləsinin 211.1.1.3-ci yarımbəndinə əsasən yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı qaydada yol vergisi tətbiq edilir:
Həmin yük avtomobillərində 4 və daha çox ox olduğu, ölkə ərazisində 14 gündən artıq qaldıqları üçün nəqliyyat vasitələri Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsində göstərildiyi kimi 280 ABŞ dolları məbləğində yol vergisinə cəlb olunmalıdır. Ölkə ərazisinə daxil olarkən həmin yük avtomobillərinə görə 14 gün üçün 80 ABŞ dolları məbləğində yol vergisi ödənildiyi nəzərə alınaraq 14 gündən 30 günə qədər qaldıqları əlavə müddət üçün nəqliyyat vasitələrinə 200 ABŞ dolları məbləğində əlavə yol vergisi tətbiq edilməlidir.
Qeyd edək ki, gömrük orqanlarının tələbi qanunvericiliyə uyğundur və ödəniş həyata keçirildikdən sonra nəqliyyat vasitələri ölkənin gömrük ərazisini tərk edə bilərlər.