Əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar gələn il üçün 3376,0 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da cari ilin proqnozu ilə müqayisədə 229,0 milyon manat və ya 7,3 faiz çoxdur.
Əlavə dəyər vergisi üzrə daxilolmaların 89,6 faizi və ya 3026,0 milyon manatı qeyri-neft sektorunun, 10,4 faizi və ya 350,0 milyon manatı neft sektorunun payına düşür. 2023-cü ilin proqnozu ilə müqayisədə qeyri-neft sektoru üzrə ƏDV 247,0 milyon manat və ya 8,9 faiz çox, neft sektoru üzrə ƏDV 18,0 milyon manat və ya 4,9 faiz az, 2022-ci ilin icrası ilə müqayisədə isə qeyri- neft sektoru üzrə ƏDV 444,9 milyon manat və ya 17,2 faiz çox nəzərdə tutulur.
Qeyri-neft sektoru üzrə ƏDV-nin artımla proqnozlaşdırılmasının səbəbi cari ildə qeyri-neft ÜDM-in gözlənilən nominal artım tempinin 11,2 faiz, növbəti ildə 8,4 faiz, istehlak qiymətləri indeksinin cari ildə 9,5 faiz, proqnozlaşdırılan ildə 5,3 faiz nəzərə alınmasıdır. Bununla yanaşı, makroiqtisadi göstəricilərə əsasən nominal ifadədə turizmin 20,1 faiz, informasiya və rabitənin 9,5 faiz, sosial və digər xidmətlərin 7,8 faiz, qeyri-neft sənayesinin 12,2 faiz, ticarətin 8,5 faiz, tikinti sektorunun 4,7 faiz artması, həmçinin ƏDV-nin geri qaytarılması mexanizmində nağdsız dövriyyənin həcminin artması səbəbindən dövriyyələrin şəffaflaşması ilə əlaqədardır.